Əgər qadın olsaydım... | Kişi baxışı

 Əgər qadın olsaydım...  | Kişi baxışı
  24 May 2024    Oxunub:1621
Cavid Şeydayev

Zamanımızda insanlara qadın-kişi pəncərəsindən baxmaq, yəni cins fərqi ilə yanaşma, təəssüf ki, qabarıq halda müzakirə olunmaqdadır. Səbəblər fərdin baxış tərzinə, savad və dünyagörüşünə, mənəviyyatına görə dəyişilir. Kişi və qadın fərqinə mövcud qanunlar, feminizm cərəyanları, dini görüşlər, mentallıq, əsrlərin adət-ənənələri və digər məqbul reallıqların fonunda baxmağa məcburuq. “Maddi sıxıntı, mənəvi təzyiq qarşısında kim kimə borcludur və ya günah kimdədir” sualı məsələni daha da kəskinləşdirir.
Düşünürəm, cəmiyyətdə daim müşahidə etdiyimiz qadın-kişi “müharibəsi” fonunda “Əgər qadın olsaydım” kimi fantastik mövzuda yazmaq elə də asan iş deyil. Bu barədə yuxarıda qeyd etdiyim komponentlərin yalnız məqbul olanını, yəni neqativ yükü olmayanını əsas götürməyə çalışacağam.

Əslində, nəyisə etmək üçün kişinin qadın, ya qadının kişi olmasını düşünmək mütləq deyil. Sərgilədiyimiz həyat və fəaliyyətdə cinsiyyətdən asılı olmayaraq fitri bəxşiş – hansısa qabiliyyət, sonradan insanın özündə formalaşdırdığı və ya həyat şəraitinə məruz qalaraq onda formalaşmış xarakter, məqsəd və vəzifələri rol oynayır.

Qadın da, kişi də rəssam, usta, dərzi, aşpaz, jurnalist ola bilər. Hər iki cinsin nümayəndələri ziyalı təbəqədən ola da bilər, olmaya da. Rəhbər vəzifə tutmaq, biznesin məsuliyyətini öz üzərinə götürmək işlərində də bu günün qadını və kişisi arasında ciddi fərq duyulmur. İnsanlıq borcu, mənəviyyat, vicdan kimi məsələlərə yanaşmada cins yox, daha çox təlim-tərbiyə, təhsilin səviyyəsi, mühit rol oynayır.
Əgər kişi olsaydım... | Qadın baxışı

Əgər məsələ tipik, bir az da təbii bölgüyə görə düşən öhdəlikdən gedirsə, qadının cəmiyyətdə rolu və yeri məlumdur. Ailə fonunda faktiki yaxşı ata olmağa bu gün çalışıramsa, qadın kimi də yaxşı ana olmağa çalışardım. İlk təmas ana ilədir, çünki körpə ananı uşaq ikən qavramağa çalışır. Bu, uşağın daşda cızılan yazı kimi hafizəsinə informasiya yazılması dövrüdür.

Bir atalar sözü var: “Ata olmasan, ata qədri bilməzsən”. Uşaq adətən atanı yaşa dolandan sonra tanıyır, onun hələ görünməyən dəyərini sonradan dərk edir, amma ana ilə vəziyyət tam fərqlidir.

Yaddaşa təmiz, qərəzsiz məlumatın həkk olunması ana südü və irsi hal olması ilə yanaşı ana tərbiyə və qayğısından da asılıdır. Təsadüfi deyil ki, möhkəm tərbiyə mühiti neqativ sosial ortama qarşı etibarlı qalxandır. Qadın istəsə, övladını gələcək şəxsiyyət potensialında böyüdəcək. Əlbəttə, istəyəcək. Öz məsuliyyətini dərk və icra edərsə...

Zamanın sürəti artıb deyə, istək və arzularımız da çoxalıb. Bura bəşəriyyətin fərd sayındakı artan tempini, əlverişli təbii mühit və qida çatışmazlığını, süni ərzaqların çoxalmasını, işsizliyi, dövrün gətirdiyi epidemiya və müharibə kimi fəlakətlərini, iqtisadi-maliyyə çətinliklərini, boşanma statistikası kimi tam müxtəlif məzmunlu faktları də əlavə edə bilərik. Nəhayət, orta əsr düşüncəsi kimi tarixin səhifəsinə yazmağa məcbur qaldığımız “Yalnız kişi ailəni maddi mənada təmin etməlidir” fikrinə əvəz olan zərurət yaranıb. Qadın ictimai-siyasi, hətta beynəlxalq fonda aktiv olduğundan fərqli düşüncə formalaşıb.

Sosial fəaliyyət özü üçün pul qazanmaqla məhdudlaşmamalıdır. Elə bir işlə məşğul olmaq lazımdır ki, tutulan istiqamət cəmiyyət üçün “olmazsa, olmaz” olsun. Yəni ətrafa da fayda toxundurmaq məqsədə daxil olmalıdır. Bu mənada şərtləri ödəyən bütün işlər məqbuldur.

Hazırda hansı fəaliyyətim varsa, o istiqamətdə qalmağa üstünlük verərdim. Qeyd etdiyim kimi, fəaliyyət məsələsində cins mühüm rol oynamır. Əsas işi bacarmaq, daim peşəkarlığa cəhd etmək, peşəni vicdanla yerinə yetirmək, başqalarına faydalı olmaqdır. Həm də texnoloji proseslər işgüzar şəxsdən daimi zamanla ayaqlaşmağı tələb edir.

Cəmiyyətdə hər bir zəruri peşə sahibinin yeri var. Əkinçi əkib-becərirsə, dəyirmançı üyüdürsə, deməli çörəyi bişirmək üçün çörəkçiyə də ehtiyac var. Fərd bunların hamısının öhdəsindən tək gələ bilməz. Əsas məsələ hər kəsin layiq olduğu, istədiyi, başqalarına yararlı ola biləcəyi yerdə olmasıdır.


Teqlər:   Gender   Mövqe  





Xəbər lenti